“Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti toplantısı baş tutub”- bu barədə məlumatı idarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Toplantı İstanbul şəhərində Zeytunburnu bələdiyyəsinin ev sahibliyi ilə keçirilib.
İclasda Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, KKTC, Makedoniya, Livan, Özbəkistan və Türkiyədən olan İdarə Heyətinin üzvləri iştirak edib.
Sədr bildirib ki, iclasda 2023-ci ildə birliyin həyata keçirdiyi layihələr barəsində məlumat verilmiş bununla yanaşı 2024-cü ildə nəzərdə tutulan proqramlar müzakirə edilmişdir.
İclasda həmçinin Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) ilə Özbəkistanın Əmək Nazirliyinin Əmək və Sahibkarlığın İnkişafı Agentliyi arasında Əməkdaşlıq protokolu da imzalanıb.
Tədbirdə həmçinin TDBB-də ölkəmizi təmsil edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev də çıxış edərək Türkiyə-Azərbaycan dostluğunun əsrlər boyu yaşayacağını, tarixi köklərlə bir birinə bağlı olan Türkiyə və Azərbaycan bütün münasibətlərini qardaşlıq prinsiplər əsasında qurulduğunu bildirib.
Sədr çıxışında həmçinin türkdilli ölkələrdə formalaşan yerli orqanların inkişafında, habelə müəyyən inkişaf səviyyəsinə çatmasında TDBB-nin xüsusi rolu olduğunu qeyd edib.
Azərbaycan bələdiyyələri təşkilatın işində yaxından iştirak etməklə öz töhfəsini verməyə bundan sonra hazırdır.