Onlar yüz yaşlı xanımı belə təbrik etdilər

Qərbi Azərbaycan icması Nərimanov təşkilatının təşəbbüsü ilə Qərbi Azərbaycanın ən yaşlı xanımlarından olan Fatma İsmayılova mənzilində ziyarət edilib.
Əslən Böyük Qarakilsə rayonundan olan 101 yaşlı Fatma İsmayılova ilə Qərbi Azərbaycan icmasının sədr müavini, Milli Məclisin üzvü Hikmət Babaoğlu və icmanın Nərimanov təşkilatının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev görüşərək 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Görüş iştirakçıları bayram münasibətiylə xanıma cansağlığı arzulayıblar.
Milli Məclisin üzvü Hikmət Babaoğlu ölkə başçısı İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı həyata keçirdiyi addımlardan söz açaraq Prezident tərəfindən Azərbaycan qadınına yüksək dəyər verildiyini xüsusilə vurğulayıb: “Bu gün cənab Prezident inanır ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər”
Görüsdə xanım Fatma İsmayilova ona göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, Qərbi Azərbaycana qayıdışı səbrsizlklə gözlədiyini bildirib. Xanım Fatma İsmayilova Qərbi Azərbaycanla bağlı xatirələrini, o illərdəki xalqımıza məxsus adət-ənənələrinin bu gün gənc nəsl tərəfindən yaşadıldığını sevinc hissiylə qarşıladğını qeyd edib.
Sonda ziyarətçilər yüzyaşlı xanımın sosial-məişət qayğılarıyla maraqlanaraq həlli vacib məsələlər ətrafında fikir mübadiləsi aparıblar.