Beynəlxalq təcrübənin ölkəmizə inteqrasiyası kimi mövzularda panel görüşləri təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Bu çərçivədə ADA universitetinin təşkilatçılığı və bir sıra yerli özünü idarəetmə orqanlarının əməkdaşlarının iştirakı ilə 19-21 fevral tarixlərində “Ağıllı və yaşıl idarəetmə üçün bələdiyyələrin potensialının artırılması” mövzusunda təlim baş tutmuşdur. Seminar çərçivəsində ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin, ADA Universiteti Fondunun prezidenti Natiq Hüseynovun, universitetin professoru Anar Vəliyevin ağıllı və yaşıl idarəetmə, strateji idarəetmə, biznes-bələdiyyə, dövlət-bələdiyyə əməkdaşlığı, beynəlxalq təcrübənin ölkəmizə inteqrasiyası kimi mövzularda panel görüşləri təşkil olunmuşdur. Görüşlər zamanı bələdiyyə əməkdaşları ilə fikir mübadilələri olmuş, qanunvericiliyin tələbləri və praktikada onlardan istifadə səviyyəsi öyrənilmişdir. Eyni zamanda digər ölkələrdəki yerli özünü idarəetmə sistemində tətbiq olunam və müsbət nəticələr əldə edilən “ağıllı və yaşıl idarəetmə” mexanizmlərinin Azərbaycan tətbiq olunması barəsində də müzakirələr aparılmışdır. Sonda bələdiyyə əməkdaşları sertifikatla təltif olunmuşlar.