Azərbaycan nümayəndələri Batumidə CORLEAP-da iştirak edir

Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Regional və Yerli Hakimiyyətlər Konfransının (CORLEAP) üzvləri: Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov, Nərimanov Bələdiyyəsinin sədri, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və nümayəndə heyətinin katibi Rövşən Məmmədov Konfransın 7 sentyabr tarixli 12-ci illik yığıncağında iştirak etmək üçün Gürcüstanın Batumi şəhərində səfərdə olublar.
“Qafqazinfo” xəbər verir ki, ilk olaraq CORLEAP-ın bürosunda Azərbaycandan təmsil olunan Anar İbrahimovun iştirakı ilə büro iclası baş tutub və daha sonra CORLEAP-ın 12-ci illik yığıncağı işinə başlayıb.
Konfransın açılışında Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze, Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini Mzio Giorgobiani və Batumi şəhərinin meri Arçil Çikovani çıxış edərək qonaqları salamlayıblar.
CORLEAP-ın gündəliyində duran ilkin məsələ “Yeni geosiyasi reallıqda ‘Şərq Tərəfdaşlığı’ mövzusunda şəhərlərin və bölgələrin səsi” müzakirə edilib. Müzakirədə bir sıra siyasətçilər və ekspertlər, o cümlədən Avropa Şurası Konqresinin Regionlar Palatasının sədri Harald Sonderegger çıxış edib.
Daha sonra “Şərq Tərəfdaşlığı ölkələrində yerli hakimiyyət orqanlarının vətəndaşlarla dialoqu” adlı debatı və “Tərəfdaşlarımızla nə edə bilərik” mövzusunda CORLEAP hesabatı baş tutub. Sonda “Yerli səviyyədə vətəndaşlar üçün elektron xidmətlər: COVID 19 pandemiyası nə yaxşı nəticə verdi?” mövzusunda CORLEAP hesabatı dinlənilib. Hesabatda Azərbaycan əhalisinin mütləq əksəriyyətinin internetə və elektron xidmətlərə çıxış imkanları müsbət təcrübə kimi qeyd olunub.
2011-ci ildə Polşanın Poznan şəhərində təsis edilən Şərq Tərəfdaşlığı üzrə Regional və Yerli Hakimiyyətlər Konfransı (CORLEAP) Avropa Birliyi-Şərq tərəfdaşlığının yerli və regional hakimiyyət orqanlarının platforması kimi fəaliyyət göstərir.