Nərimanov Bələdiyyəsinin inzibati bina məsələsiylə bağlı mərkəzi icra orqanlarına müraciət edildi

Nərimanov bələdiyyəsinin üzvləri, qulluqçuları, bir sıra rayon ağsaqqalı, habelə rayon ərazisində yaşayan şəhid və qazi ailələrinin üzvləri, ümumilikdə 30 nəfər olmaqla, bələdiyyənin inzibati bina məsələsində üzləşdiyi problemlərin həlliylə bağlı Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Daxili işlər naziri Vilayət Eyvazova, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Baş prokuror Kamran Əliyevə və Dövlət Təhlükəsizlik Xidmətinin sədri Əli Nağıyevə müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

Uzun illərdir ölkəmizdə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə formalaşdırılan bələdiyyələr arasında Nərimanov bələdiyyəsinin öz dəsti-xətti var. Ötən illər ərzində Nərimanov bələdiyyəsi fəaliyyətiylə rayon sakinləri arasında xüsusi çəki və nüfuza sahib olmaqla yanaşı, həm də beynəlxalq səviyyədə tanınmaqdadır.

Ancaq bu gün təəssüflə bildirmək istərdik ki, hansısa məmurun və iş adamının tamahının ucbatından Nərimanov bələdiyyəsi ciddi problemlə üz-üzə qalıb. Belə ki, iyirmi ilə yaxın bir müddət ərzində fəaliyyət göstərdiyi binanın ərazisi pilot layihəyə düşdüyündən şirkətlə bağlanmış müqaviləyə əsasən şirkətin icarəyə götürdüyü binada fəaliyyət göstərən bələdiyyəyə hazırda aylıq icarə haqqının ödənilməsi məhkəmə hakiminin qanuna söykənməyən qərarı ilə dayandırılıb.

Son günədək Nərimanov rayon Mənzil-komunal Təsərrüfat Birliyinin balansında olmuş və vaxtı ilə Bakı şəhər Statistika idarəsinin fəaliyyət göstərdiyi bina istifadəsiz qaldığından binanın bir mərtəbəsinə müvəqqəti olaraq məcburi köçkünlər məskunlaşmış, 2001-ci ildən isə binanın ikinci mərtəbəsindəki 440 kv.metrlik hissəsi müfaviq sərəncam və Əmlak məsələləri Dövlət Komitəsiylə bağlanmış icarə müqaviləsinə əsasən   Nərimanov bələdiyyəsinin istifadəsinə verilmişdir.

1999-cu ilin dekabrında Ulu öndər Heydər Əliyevin Fərmanıyla bələdiyyələrlə fəaliyyət üçün inzibati bina, habelə mülkiyyətə əmlak və torpaq verilməliydi. Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanında yerləşən binanın 440 kv.metrlik hissəsi də məhz bu fərmandan irəli gələrək bələdiyyəyə fəaliyyət üçün verilmişdi. Əlavə edək ki, Nərimanov bələdiyyəsi bina da mütəmadi olaraq təmir işlərini aparmaqla, burada məskunlaşan məcburi köçkünləri də daim diqqət mərkəzində saxlamışdır. Bu gün Nərimanov bələdiyyəsi üzləşdiyi çətinliklərə baxmayaraq dörd şəhid ailəsini işlə təmin etməklə yanaşı, 20 nəfər qazini, dörd şəhid ailəsinin azyaşlı üzvünü və 15 aztəminatlı ailəni himayəyə götürmüşdür.

“INTEKS” MMC ilə Nərimanov Bələdiyyəsi arasında ikitərəfli qaydada bağlanılmış 306 saylı, 03 may 2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən qanuni əsaslarla uzun müddət ( 20 ilədək müddətdə) bələdiyyənin istifadəsində olmuş 440 kv.m qeyri-yaşayış sahəsi müqavilənin 2.1.2-ci və 2.1.3-cü bəndlərinin tələblərinə uyğun olaraq bələdiyyənin vəsaiti hesabına boşaldılmış, sökülməsinə etiraz edilməməklə, söküntü işlərinin aparılması üçün “INTEKS” MMC-yə təhvil verilmiş və həmin vaxt, yəni həmin ilin iyun ayında bina tikinti şirkəti tərəfindən sökülərək, layihəyə uyğun yeni binanın inşasına başlanılmışdır.

Qeyd olunan müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilənlərə müvafiq olaraq şirkət üzərinə düşən öhdəlikləri ötən ilin dekabr ayına kimi icra etmişdir. Uzun müddət bələdiyyənin gözlənilən mülkiyyət hüququ ilə istifadəsində olmuş, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanındakı 440 kv.m qeyri-yaşayış sahəsi üzərində sökülən vaxtadək heç bir məhdudiyyət olmamış və hər hansı şəxsin xeyrinə yüklü edilməmişdir.

2021-ci ilin may ayında şirkətlə bağlanmış müqavilə şərtləri 2021-ci ilin dekabrında birtərəfli qaydada dayandırılmışdır. Səbəb kimi Natiq Əliməmmədov adlı şəxsin həmin ərazini özəlləşdirməsi olub. Şirkət rəhbərliyi də məhz həmin çıxarışa istinadən müqavilə öhdəliklərinin icrasını dayandırıb. Bizə çox maraqlıdır, Əmlak məsələləri Dövlət Xidməti sökülmüş binaya çıxarışı necə və hansı şərtlərlə verib. Üstəlik, iyimi il ərzində bələdiyyə tərəfindən istifadədə olan bina əgər satışa çıxarılırdısa birinci növbədə bələdiyyəyə təklif edilməliydi. Çıxarışla yanaşı xidmət tərəfindən eyni vaxtda texniki pasportun Natiq Əliməmmədova təqdim edilməməsi də şübhə doğurur. Beləliklə, hərracın təşkilindəki ciddi qanun pozuntusunun olması göz önündədir. Elan verilməyib, hərrac təşkil edilməyib və sair. Ən əsası bina söküldükdən sonra ona çıxarış verilmişdir. Əmlak məslələri Dövlət xidməti bunu hansı əsasla edib, çox təəccüblüdür.

Hesab edirik ki, sökülmüş əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədin verilməsi Qanunvericiliyin tələblərinə zidd olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı və Nərimanov rayon İcra Hakimiyyətinin 430 saylı, 12.12.2016-cı il tarixli sərancamı ilə uyğunsuzluq təşkil edir.

Nərimanov bələdiyyəsinin məktubuna reaksiya belə verməyən “INTEKS” şirkətinin havadarlıq etdiyi N. Əliməmmədov Nərimanov Məhkəməsinə müraciət edərək cəmi on gün ərzində vəsaitin ödənilməsini qadagan edən qərardad ala bilmişdir. Qərardadı isə Məhkəmənin hakimi Gültəkin Əsədova imzalayıb. Təəssüf doğuran hal odur ki, iki dəfə keçirilən baxışa seçkili orqanın təmsilçiləri dəvət edilməyib və qərardadda iştirakımız olmadan qəbul edilib. Ehtimal etmək olar ki, bu proseslərdə “İNTEKS” şirkətinin də öz maraqları var. Təəccüb doğuran məqam bir ondadır ki, məhkəmə proseslərinə Natiq Əliməmmədovun iştirakının təmin edilməsiylə bağlı dəfələrlə iddia qaldırılsa da, hansısa səbəbdən bələdiyyənin iddiası təmin edilməmiş, ümumiyyətlə çıxarış sahibi ortalıqda görünməmişdir.

Digər bir məqam isə alqı-satqının dəyəri ilə bağlıdır. Yəni N.Əliməmmədov alqı-satqı müqaviləsinə əsasən 1409 kv.m-lik dövlət əmlakına görə Əmlak məsələləri Dövlət xidmətinin hesabına 900.000 manat vəsait köçürüb. Belə çıxır ki, alıcı 1409 kv.m-in hər kvadratına 639 manat ödəməli olub. Bu məqamda sual olunur alıcı o vəsaiti necə əldə edib. İkincisi, sahibkar kimi vergi ödəyirmi? Üçüncüsü, Bakının mərkəzi hissəsində kv.m-i 639 manata olan əmlakın satışı realdırmı? Açıq etiraf edək ki, 1409 kv.m-lik ərazinin 900.000 manat qiymətləndirilməsi heç də real görünmür, həqiqəti əks etdirmir. Bunu müraciət etdiyim riyeltorların hər biri təsdiq edir.

Eyni zamanda qeyd etmək istəyirik ki, uzun müddət (20 ilədək) qanuni əsaslarla bələdiyyənin istifadəsində olmuş qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlərin tələbləri ilə uyğunsuzluq təşkil etməklə bələdiyyənin hüquqlarını artıq məhdudlaşdırdığından və fəaliyyətinə maneçilik yaratdığından, mülki qanunvericiliyin icarə və istifadə hüquqlarını pozması səbəbi ilə ləğv edilməlidir.

Qeyd olunanları və qanunvericiliyin tələblərini nəzərə alaraq MTT(005)-24/2022 saylı, 28.01.2022-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadının ləğv edilməsini tam qanunauyğun hesab edir və Sizdən Nərimanov bələdiyyəsinə qarşı edilən bu ədalətsiz qərarın ləğv edilməsini, habelə bələdiyyənin fəaliyyət göstərmiş olduğu binaya söküntüsündən sonra necə və hansı əsaslarla çıxarışın verilməsinə aydınlq gətirilməsinə yardımçı olmağınızı bir daha xahiş edirik.

Biz Nərimanov bələdiyyəsinin üzvləri və qulluqçuları, habelə bələdiyyənin himayə etdiyi şəhid ailəsinin üzvləri, qaziləri və rayonun fəal seçiciləri olaraq Nərimanov bələdiyyəsinə qarşı edilmiş ədalətsizliyin qarşısının alınmasına və sökülmüş binaya çıxarışın hansı forma və məzmunda verilməsinə aydınlıq gətirilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirik. Bu addımı atmaqla Siz Nərimanov bələdiyyəsinə qarşı edilmiş haqsızlığın qarşısnı almış olacaqsınız.

Sizlərə dərin hörmət və ehtiram hissi ilə,

Nərimanov bələdiyyəsinin üzvləri, qulluqçuları, şəhid və qazi ailəsinin üzvləri və rayon sakinləri adından”