Vətən müharibəsi şəhidi Kamran Hüseynovun həyat yoldaşı Sənubər Hüseynova Nərimanov bələdiyyəsində işlə təmin edilərək, sosial inkişaf və xidmət şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilib. Naxçıvan Müəllimlər İnstitutunun məzunu olmuş S.Hüseynova bu gün kollektivə təqdim edilib.
Görüşdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək Sənubər Hüseynovanın həyat yoldaşı Kamran Hüseynovun könüllü olaraq nizami ordu sıralarına qoşulduğunu, habelə Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olduğunu bildirib. Sədr qeyd edib ki, K.Hüseynov ölümündən sonra Prezident Sərəncamıyla “Vətən uğrunda” və “Füzulinin azad edilməsi uğrunda” medallarıyla təltif edilib.
Təmraz Tağıyev daha sonra qeyd edib ki, rəhbərlik etdiyi bələdiyyə daim şəhid və qazi ailələrini diqqətdə saxlmaqla, onlara mütəmadi olaraq maddi və mənəvi dəstək göstərir.
Sədrin sözlərinə görə, müzəffər ordumuzun şanlı qələbəsindən sonrakı dövrdə bələdiyyədə geniş tədbirlər planı hazırlanıb. Tədbirlər planının əsas mahiyyəti şəhid ailə üzvlərinin, müharibə əlillərinin, müharibə qazilərinin və iştirakçılarının məşğulluqlarının müxtəlif istiqamətlərində təminatına dəstək verməkdir. Biz bu müddət ərzində həmin kateqoriyadan olan şəxslərin məşğulluğuna töhfə verməyə çalışmışıq.
Qeyd edim ki, bu günədək beş nəfər şəhid ailəsinin üzvü bələdiyyədə daimi işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.

