Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin Monitorinq Komitəsinin üzvləri Anar İbrahimov, Təmraz Tağıyev və nümayəndə heyətinin katibi Rövşən Məmmədov komitənin 9 fevral tarixli iclasında iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdədilər.
İlk olaraq Monitorinq komitəsinin sədri Gudrun Mosler-Toernstroem və Konqresin yeni baş katibi Mathieu Mori çıxış edərək Türkiyəyə baş sağlığı veriblər və Konqresin 2023-cü ildə ki iş planlarından danışıblar.
Sonra Rumıniyada Avropa Yerli özünüidarəetmə Xartiyasının tətbiqinin monitorinqinin müzakirəsi və səs verməsi olub. Səs vermədən sonra Slovakiya Respublikası barəsində icrada olan Monitorinq hesabatı üzrə danışıqlar gedib.
Avropada yerli və regional demokratiya başlığı altında son mövzular Fransada keçirilməsi gözlənilən Avropa Yerli özünüidarəetmə Xartiyasının tətbiqinin monitorinqini və Moldaviyada keçirilən post-monitorinq fəaliyyətlərini əhatə edib.
İclasda həmçinin Süni intelektin tətbiqinin yerli və regional ölçüləri haqqında müzakirələr baş tutmuş və Konqresin seçki və monitorinq üzrə iş planları təsdiq edilmişdir. Daha sonra yerli və regional seçkilərin müşahidəsi başlığı altında digər məsələlərin müzakirəsi olub. Bosniya və Herseqovinada 2 oktyabr 2022-ci il tarixində keçirilən kantonal seçkilərin monitorinqinin nəticələri müzakirə olunub.


