“Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin Monitorinq Komitəsinin üzvləri Anar İbrahimov, Təmraz Tağıyev və nümayəndə heyətinin katibi Rövşən Məmmədov komitənin 9 fevral tarixli iclasında iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdədir”.
Bu barədə məlumatı nümayəndə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
T.Tağıyevin sözlərinə görə, ilk olaraq Monitorinq komitəsinin sədri Gudrun Mosler-Toernstroem və Konqresin yeni baş katibi Mathieu Mori çıxış edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı veriblər. Sonra komitə üzvləri faciə qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.
İclasda Monitorinq komitəsinin sədri Gudrun Mosler-Toernstroem və Konqresin baş katibi Mathieu Mori çıxış edərək konqresin 2023-cü ildəki iş planlarından danışıblar.
Sonra Rumıniyada Avropa Yerli özünüidarəetmə Xartiyasının tətbiqinin monitorinqinin müzakirəsi və səs verməsi olub. Səs vermədən sonra Slovakiya Respublikası barəsində icrada olan Monitorinq hesabatı üzrə danışıqlar gedib.
Avropada yerli və regional demokratiya başlığı altında son mövzular Fransada keçirilməsi gözlənilən Avropa Yerli özünüidarəetmə Xartiyasının tətbiqinin monitorinqini və Moldovada keçirilən post-monitorinq fəaliyyətlərini əhatə edib.
Sədr daha sonra bildirib ki, iclasda həmçinin Süni intelektin tətbiqinin yerli və regional ölçüləri haqqında müzakirələr baş tutub, Konqresin seçki və monitorinq üzrə iş planları təsdiq edilib. Daha sonra yerli və regional seçkilərin müşahidəsi başlığı altında digər məsələlərin müzakirəsi keçirilib. Bosniya və Herseqovinada 2 oktyabr 2022-ci ildə keçirilən kantonal seçkilərin monitorinqinin nəticələri müzakirə olunub.

			
		
	

