Adil Əliyev: “Vətəndaş müraciətləri aidiyyəti qurumlarla yanaşı, Nərimanov bələdiyyəsi tərəfindən də layiqincə təmin edilir”

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisə deputat seçildiyi 20 saylı Nərimanov II seçki dairəsinin ərazisində yerləşən Ziya Bünyadov və II Şimal Şitilliyi küçələrində (Xutor) vətəndaşların səyyar qəbulunu təşkil etmişdir. Sakinlər tərəfindən qaldırılan müraciətlərin bir qismi yerindəcə öz həllini tapmış, digər xüsusatların həlli istiqamətində aidiyyəti qurumlarla bərabər hazırda iş aparılır. Eləcə də, sakinlərin yaşadığı küçənin asfaltlanması ilə əlaqədar müraciətləri Nərimanov bələdiyyəsi tərəfindən təmin edilmişdir. Vitse-spiker Adil Əliyev Nərimanov Bələdiyyəsinin, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyevlə bərabər asfalt örtüyü çəkilmiş əraziyə birgə baxış keçirmişdir.
Vitse-spiker Adil Əliyev dövlət başçısının tapşırığına uyğun olaraq vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində bütün addımların atılmasını, eləcə də, hər bir müraciətə yüksək həssaslıqla yanaşılaraq həll edilməsinin vacibliyini qeyd etmişdir. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə başçısının müvafiq sərəncamlarına toxunan vitse-spiker dövlətimizin əsas prioritetlərindən birinin də məhz əhalinin sosial rifah halınının yaxşılaşdırılması olmasını bildirmişdir.
Daha sonra çıxış edən Təmraz Tağıyev bələdiyyənin ərazisində yaşayan əhalinin məişət məsələlərinin yaxşılaşdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin öhdəsindən gəldiklərini bildirmişdir. Ərazidə yenilənmiş asfalt örtüyü ilə bağlı məlumat verərək, habelə Nərimanovda aparılan abadlıq və quruculuq işlərindən bəhs etmişdir.
Sonda vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlara görə dövlət başçısına öz təşəkkürlərini bildirmişlər.