Vətən müharibəsi qazisi Nərimanov bələdiyyəsində işlə təmin edilib 01.09.2022

Vətən müharibəsi qazisi Nərimanov bələdiyyəsində işlə təmin edilib

Nərimanov bələdiyyəsində Vətən müharibəsi qazisi, xüsusi təyinatlı silahlı qüvvələrdə xidmət keçmiş Əmrah Əliyev işlə təmin edilib. Bələdiyyə iclasında qazi Əmrah Əliyev kollektivə təqdim edilib.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev   44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun göstərdiyi şücaətdən danışaraq, Azərbaycan xalqının bir yumruq şəklində birləşərək  torpaqlarımızı erməni işğalçılarından azad edilməsinin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Bu gün dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Təmraz Tağıyev bildirib ki, bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri də ölkə başçsının tapşırıq və tövsiyələrinə uyğun  olaraq Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə daim yüksək  qayğının göstərilməsidir. Hazırda beş şəhid ailəsi və qazisi bələdiyyədə işlə təmin olumuşdur. Qazi Əmrah Əliyevə etimad göstərilərək bələdiyyədə məsləhətçi vəzifəsinə təyin edilib.

Qazi Əmrah Əliyev dövlət tərəfindən qazi və şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına təşəkkürünü  bildirib.

Qeyd edək ki, qazi Əmrah Əliyev  2016 Aprel döyüşlərində Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmiş və 2020-ci il  II Qarabağ  muharibəsində xüsusi təyinatlı silahlı qüvvələrin qulluqçusu olaraq    Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı Və Xocavənd rayonlarının işğaldan azad edilməsində iştirak edib.  24.10.2020-ci ildə düşmən tərəfindən atılan minamyot partlaşı nəticəsində kəllə-beyin travması alıb. Prezident sərəncamıyla “Hərbi xidmətlərə görə”,  “Füzulinin, Xocavəndin, Cəbrayılın, Kəlbəcərin işğaldan azad olunmasına görə”  medalları ilə  təltif olunub.