Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədov Əbu-Dabidə keçirilən İllik İnvestisiya Yığıncağının (“AIM Congress”) 14-cü konfransında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində səfərdə olub. Bu barədə məlumatı AŞBMA-nın və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
7-9 aprel 2025-ci il tarixli AIM Konqresin 14-cü konfransının açılış mərasiminə BƏƏ-nin Xarici Ticarət naziri və Konqresin prezidenti Thani Bin Ahmed Al Zeyoudinin çıxışı ilə başlayıb.
Sədr qeyd edib ki, açılış mərasiminə dövlət başçıları, nazirlər, diplomatik nümayəndələr, o cümlədən Azərbaycan Respublikasının bir sıra nazirliklərinin məsul vəzifəli şəxsləri qatılıblar. Konqresin bu ilki 14-cü konfransı “Qlobal İnvestisiyaların Gələcək Xəritəsinin çəkilməsi: Qlobal İnvestisiya Landşaftının Yeni Dalğası – Yeni Balanslaşdırılmış Dünya Strukturuna Doğru” mövzusuna həsr olunub. Konfransa 180 ölkədən olan on mindən çox iştirakçı və minə yaxın məruzəçi qatılıb.
AŞBMA-nın sədri Təmraz Tağıyev konfrasın 3-cü günündə qlobal rəqəmsal əməkdaşlıq üzrə şəhər merlərinin dəyirmi masasına qatılaraq panel müzakirələrdə aktiv iştirak edib. Azad, təhlükəsiz və rəqəmsal gələcəyin təşviqində merlərin rolu haqqında çıxış edən Təmraz Tağıyev ölkəmizin investisiya imkanlarından, yerli idarəetəməyə yaradılan şəraitdən, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə dair məlumatlar verib.
Sədr ökəmizdə ötən il yüksək səviyyədə keçirilən COP-29 konfransının yaratdığı müsbət əks sədadan danışaraq İnvestisiya Toplantısının ikitərəfli mədəni – iqtisadi əlaqələrin inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əlverişli bir platforma olduğunu qeyd edib.