TDBB İdarə Heyətinın toplantısı Pendik Bələdiyyəsinin təşkilatçılığı ilə İstanbul şəhərində baş tutub – 25.04.2024

Aprelin 25-də Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) İdarə Heyətinın toplantısı Pendik bələdiyyəsinin təşkilatçılığı ilə İstanbul şəhərində baş tutub.
İclasda Albaniya, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Livan, Monqolustan, Qaqauziya, Özbəkistan və Türkiyədən olan idarə heyətlərinin on bir üzvü iştirak edib. Bu barədə TDBB məlumat yayıb.
Azərbaycanı bu tədbirdə Türk Dunyası Bələdiyyələr Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədov təmsil ediblər.
İdarə heyətinin iclasında 01 yanvar – 25 aprel 2024-cü il tarixləri arasında TDBB tərəfindən görülən işlər haqqında məlumat verilib.
İclasda, həmçinin qarşıdakı müddət ərzində TDBB-nin dəstəyi ilə üzv dövlətlərdə müxtəlif layihələrin keçirilməsi və bir sıra sosial-iqtisadi sahələrə yardımların göstərilməsi ilə bağlı proqramlar barəsində məlumatlar müzakirə edilib.
İclasda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev çıxış edib.
Qeyd edək ki, TDBB-nin ümumilikdə 30 ölkədən mindən çox üzvü var.