Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş mərkəzinin və Nərimanov bələdiyyəsinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda fəaliyyət göstərən Uşaq Psixo-nevroloji mərkəzdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilmişdir.
Tədbirdə Uşaq Psixo-nevroloji mərkəzin direktoru Kəmalə Talıbova, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, Bələdiyyələrlə İş mərkəzinin əməkdaşları Nailə Rəsulzadə, Səma Arifli, şəhid atası Azər Səidov, Nərimanov bələdiyyəsinin şöbə müdirləri Rübabə Məhərrəmova və Nizami Babaşov və mərkəzdə müalicə alan uşaqlar iştirak ediblər.
Görüşdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Belə ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bir sıra vacib normativ-hüquqi aktlar qəbul edilib.
Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məsələsi daim cənab Prezident İlham Əliyevin diqqət mərkzəindədir. Məhz cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində bir sıra ciddi layihələr həyata keçirilməkdədir.
Əlavə edim ki, Nərimanov bələdiyyəsinin fəaliyyət istiqamətlərindən biri də məhz uşaqlara göstərilən qaygı və diqqətlə bağlıdır. Sonda sədr uşaqların bayramını təbrik edib, onlara xoş arzularını çatdırıb.
Tədbir təşkilatçılarına təşəkkürünü bildirən Uşaq Psixo-nevroloji mərkəzin direktoru Kəmalə Talıbova daim dövlət qayğısı ilə əhatə olunan uşaqların sağlam və firavan mühitdə böyüməsi üçün rəhbərlik etdiyi kollektivin bundan sonra da var qüvvəsilyə çalışacaqalrını bildirib.